“Sağlam həyat” proqramı çərçivəsində əyləncəli yarış

08 avqust 2025-ci il tarixində İsmayıllı şəhər 3 nömrəli körpələr evi–uşaq bağçasında kiçik yaşlı uşaqlar üçün yaddaqalan bir idman tədbiri keçirilib. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarış “Sağlam həyat” proqramı çərçivəsində baş tutub.

Tədbirin əsas məqsədi məktəbəqədər yaş qrupuna daxil olan uşaqların atletika və gimnastika idman növlərinə olan marağını artırmaq, eyni zamanda onlara sağlam həyat tərzinin əhəmiyyətini aşılamaq olub.

Balacalar fərqli mərhələlər üzrə əyləncəli yarışlarda iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir boyu uşaqların sevinc dolu anları həm valideynlər, həm də təşkilatçılar üçün qürurverici olub.

Sonda yarışda fərqlənən şagirdlər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlarla təltif olunub. Bu cür təşəbbüslər uşaqlarda sağlam həyat tərzinə marağın erkən yaşdan formalaşmasına mühüm töhfə verir.