Yelo Bank Qarabağ qazisinin evini əlindən almaq istəyir

"Yelo Bank" Qarabağ qazisi Vüsal İsayevin evini əlindən almaq istəyir – Apelyasiya Məhkəməsi fevralın 19-da qərar verəcək
Qarabağ qazisi, 3-cü qrup əlil Vüsal İsayev "Yelo Bank"ın haqsız tələbi ilə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Məsələ 2008-ci ildə dostuna dəstək məqsədilə ipoteka müqaviləsi imzalamaqdan başlayıb.
Həmin il onun tələbə yoldaşı Azər Səlimov maliyyə çətinliyi ilə üzləşdiyi üçün "Nikoyl Bank"dan kredit götürməli olub. O dövrdə dostunun evinə çıxarış olmadığı üçün Vüsal İsayevin evi girov qoyulub. Bank 33,540 manat məbləğində kredit verib, amma bu gün həmin kredit əsassız şəkildə 40 min dollar olaraq tələb edilir.
Kreditin bütün sənədlərində ödənişlərin manatla aparıldığı açıq şəkildə göstərilsə də, bank dollarla olan başqa bir müqaviləni əsas gətirərək iddia qaldırıb. Məsələ Suraxanı Rayon Məhkəməsində araşdırılıb və üç dəfə təyin edilən məhkəmə-mühasibatlıq ekspertizası borcun manatla olduğunu təsdiqləyib. Lakin "Yelo Bank"ın israrlı tələbləri nəticəsində iş yenidən ekspertizaya göndərilib və nəhayət, bankın iddiası təmin edilib.
Hakim Leyla Talıbova qazinin apelyasiya şikayətini nəzərə almadan evin açıq hərraca çıxarılması barədə qərar verib. Vəkillərin müdaxiləsindən sonra hərrac dayandırılıb. Hazırda iş Bakı Apelyasiya Məhkəməsindədir və fevralın 19-da hakim Sabit Bəhramzadənin sədrliyi ilə qərar veriləcək.
Sonuncu dəfə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən aparılan ekspertiza kreditin manatla verildiyini və artıqlaması ilə ödənildiyini təsdiqləyib. Buna baxmayaraq, bank hələ də iddiasından geri çəkilməyib.
Vüsal İsayev bildirir ki, o, dövlətin ona heç bir ev və maşın vermədiyini, 21 il əvvəl halal zəhməti ilə aldığı evin təmirini belə tamamlaya bilmədiyini deyir. Hazırda isə bankın "dirənişi" nəticəsində evini itirmək təhlükəsi ilə üzləşib.
Qazi ictimaiyyətdən və aidiyyəti qurumlardan dəstək gözləyir. O bu barədə Facebook sosial şəbəkə hesabında paylaşıb